İndi hədəfim qəbul imtahanında maksimum nəticə göstərməkdir
Xəbər verildiyi kimi, 29-30 aprel tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən XI siniflər üçün təşkil olunan buraxılış imtahanlarında yalnız bir məzun ən yüksək bal toplayıb. Həmin məzun Şəmkir rayonu, Düyərli kənd 2 saylı orta məktəbinin şagirdi Ayxan Kazımovdur. O, maksimal nəticə göstərərək 300 bal toplayıb. Hazırda Ayxanı daha bir sınaq gözləyir və o, böyük səylə qəbul imtahanına hazırlaşır. İstedadlı gənc gələcəkdə informasiya təhlükəsizliyi üzrə mütəxəssis olmaq arzusundadır. Hafta.az buraxılış imtahanının rekordçusu Ayxan Kazımovla söhbətləşib.
- Ayxan, buraxılış imtahanından maksimum nəticə əldə edəcəyini gözləyirdinmi? Pandemiya ilə bağlı əyani dərslərin tədrisində fasilələrin yaranması sənə hansısa çətinliklər yaratdımı?
- Əslində bu nəticəni gözləyirdim, çünki çox çalışırdım. Bu işdə həm valideynlərim, həm də müəllimlərim mənə yaxından dəstək olurdular. Hədəfim buraxılış imtahanlarında maksimum nəticə əldə etmək idi. İndi isə çalışıram ki, qəbul imtahanlarında da maksimum 400 bal toplayım. O ki qaldı pandemiya ilə bağlı əyani dərslərdə fasilələrin yaranmasına, ötən il bir qədər çətin oldu. Onlayn dərslərə alışmamışdıq. Bu il artıq bilirdik ki, dərslər ənənəvi qaydada olmayacaq. Ona görə də hər şeyə hazırlıqlı idim. Daha çox çalışırdım. Demək olar ki, günümün böyük hissəsini kitablarla keçirirəm.
- Bu, təhsildə ilk uğurundurmu?
- Əslində, uşaqlıqdan oxumağa böyük həvəsim var, hər zaman da yüksək qiymətlər almışam. Bundan öncə fizika və riyaziyyat olimpiadalarında yüksək nəticələr göstərmişəm. “İlin gənc lideri” seçilmişəm. Bundan 2 il əvvəl IX sinif səviyyəsi üzrə buraxılış imtahanında isə 256.2 bal toplamışam.
- Yəqin ki, seçəcəyin ixtisasla bağlı qərar vermisən...
- Bəli. Bakı Ali Neft Məktəbində təhsil almaq arzusundayam. İmtahanın ikinci pilləsini də uğurla tamamladıqdan sonra BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasına yiyələnməyi düşünəm. Bu arzuma çatmaq üçün çox çalışıram. Ən böyük arzum informasiya təhlükəsizliyi sahəsində peşəkar mütəxəssis olmaqdır, çünki bu, gələcəyin peşələrindən biridir. Düşünürəm ki, gələcəkdə bu sahədə çox böyük rəqabət olacaq və yaxşı mütəxəssislərə ehtiyac daha da artacaq. Əgər Bakı Ali Neft Məktəbinə daxil olaramsa, gələcəkdə öz ixtisasım üzrə xaricdə də təhsilimi davam etdirmək istəyərəm. Hazırda başlıca hədəfim Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olunmaqdır.
- Boş vaxtlarını necə dəyərləndirirsən? Hobbilərin nələrdir? Sosial şəbəkələrdən istifadə edirsənmi?
- Boş vaxtlarımı kitab oxumaqla keçirirəm. Bununla yanaşı, musiqiyə, rəsmə böyük marağım var. Ötən il karantin vaxtı onlayn formatda gitara çalmağı da öyrənmişəm. Bu işi daha profesional səviyyəyə çatdırmağı düşünürəm. Sosial şəbəkələrdən yalnız “WhatsApp”dan istifadə edirəm. Digər sosial şəbəkələrdə isə ali məktəbə qəbul olunandan sonra hesablar açmağı düşünürəm.